Qurana əsasən, qadın və kişi bərabərdir

Ateist və ənənəvi din anlayışına malik şəxslər kişinin qadından üstün olduğuna dair iki ayə  göstərirlər. Bununla əlaqədar, öncəliklə, “Nisa” surəsinin 34-cü ayəsini araşdıraq:

Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər. Bu, Allahın onlardan birini digərinə üstün etməsi və  öz mallarından  sərf etməsinə görədir. (Nisa surəsi, 34)

Ayədə işlənən “ərricalu qəvvamunə ələnnisai” ifadəsi “kişilər qadınları qoruyur” və ya “kişilər qadınların dolanışığından məsuliyyət daşıyır” mənasında tərcümə edilməli ikən, kişinin qadın üzərində hakim olduğu mənasında çevrilmişdir.

Bu ayədə işlənən “qəvvam” kəlməsi “ixtiyar sahibi” kimi tərcümə edildiyi halda, qəribədir ki, eyni kəlmə “Nisa” surəsinin 135 və “Maidə” surəsinin 8-ci ayəsində “ədaləti qoruyun” kimi tərcümə edilmişdir.

Yenə eyni ayədəki “fəddələllahu bədəhum əla bədin” ifadəsinin mənası belədir: “hər birinə fərqli bacarıq və xüsusiyyətlər verdik”. Lakin bu ifadə də nədən isə “onlardan birini digərinə üstün etmişdir” şəklində tərcümə edilmişdir. Ayədəki ifadə “Allah kişiləri qadınlardan üstün etmişdir” kimi tərcümə edilirsə, bu zaman ərəbcəsi belə olmalı idi: “fəddələllahur ricaə ələn nisai”.

Ayədə işlənən “badəhum” (bəziləri) kəlməsindəki “hum” əvəzliyini ancaq kişilərə aid etdikdə məna belə olur: “Allah kişilərin bəzisini bəzisindən üstün etmişdir”.  Bu da ayənin mətninə uyğun gəlmir. “Hum” əvəzliyini kişi və qadınlardan ibarət qrupa aid etdikdə məna belə olur: “Allah kişi və qadınların bəzisini bəzisindən üstün etmişdir.

“Nisa” surəsinin 32-ci və “Rəd” surəsinin 4-cü ayəsində eyni kəlmələrdən istifadə olunur. Lakin nə hikmətdirsə, burada “bəzinizi bəzinizə üstün etdi” kimi tərcümə edilib. Ayənin mənası belədir: “Allah hər birinə fərqli bacarıq və xüsusiyyətlər vermişdir”. Cinsi fərqlilik yoxdur. Ayənin doğru tərcüməsi aşağıdakı kimidir:

Kişilər qadınları qorumalıdır. Çünki Allah hər birinə müxtəlif bacarıq və xüsusiyyətlər vermişdir. Necə ki, kişi evin dolanışığından məsuldur… (Nisa surəsi, 34)

Kişinin üstün olduğuna dəlil kimi göstərilən başqa ayə isə “Bəqərə” surəsinin 228-ci ayəsidir. Ayənin son hissəsini götürüb ilk hissəsini nəzərə almasaq, kişinin qadından üstün olduğu mənası çıxır. Lakin ayəni bütün oxuyanda belə bir məna ilə rastlaşmırıq. Ayəyə baxaq:

Boşanmış qadınlar üç heyz müddəti gözləməlidirlər. Əgər Allaha və axirət gününə iman gətirirlərsə, Allahın onların bətnində yaratdığını gizlətmək onlara halal olmaz. Əgər bu (müddət ərzində) onların ərləri barışmaq istəsələr, onları qaytarmağa daha çox haqlıdırlar. (Kişilərin) qadınlar üzərində  müvafiq haqları olduğu kimi onların da (kişilər üzərində) haqları vardır. Kişilərin onlar üzərində olan haqları isə bir dərəcə üstündür. Allah qüdrətlidir, müdrikdir. (Bəqərə surəsi, 228)

Ayədə boşanan kişi və qadının durumundan bəhs edilir. Boşandıqdan sonra qadının üç heyz müddəti gözləməli olduğu, bu müddət ərzində hamilə olduğu bəlli olarsa, uşağın atası olan keçmiş ərin qadınla evlənmək mövzusunda başqa kişilərdən üstünlüyə malik olduğu bildirilir.
Allah bir ayədə “Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq”  (Nəhl surəsi, 97) -deyir. Kişi və qadı əməl baxımından tam bərabərdir. Başqa bir ayədə isə “Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır” (Hücurat surəsi, 13) buyurulur.
Nəticə olaraq kişi qadının ixtiyar sahibi deyil, onu qoruyandır. Quranda xitab “mömin kişilərə və mömin qadınlara de” şəklindədir. Heç kim bir başqasından üstün deyil. Üstünlük yalnız təqva ilədir. Bu da Allah qatındadır.
Mömin kişilərlə mömin qadınlar bir-birinin dostlarıdır. Onlar (insanlara) yaxşı işlər görməyi buyurur, pis əməllərə qadağa qoyur, namaz qılır, zəkat verir, Allaha və Onun Elçisinə itaət edirlər. Allah onlara rəhm edəcəkdir. (Tövbə surəsi, 71)